Active Play

Book cafe nədir? Bakıda hansı book cafe-lər var



Dizayn baxımından fərqli konseptlərə və atmosfere malik olan book cafe’lər geniş kitabxanalara malik məkanlardır. Kafesi olan kitab mağazasının özünəməxsus, xoş fərqli aurası var. İnsanlara oturmaq və bir müddət qalmaq üçün yer təmin etmək, geri qayıtmaq istəməyinizə səbəb olan rahat, qonaqpərvər bir mühit yaradır. Bu yerlərə getdiyiniz zaman özünüzlə kitab götürə, həmçinin onların kitabxanalarında olan kitab və jurnalları oxuya bilərsiniz. Bir dünya kitab olan bu yerlərdə klassik və ya bütün janrlarda müasir əsərlər var. Qəhvə ilə mütaliə mədəniyyətinə yeni rəng qatan, ab-havası ilə seçilən bu məkanlarda əylənmək çox xoşdur. Oxumaqdan doymayanlar üçün ideal olan kitab qəhvəxanaları, sakit mühitdə işləmək istəyənlər üçün də çox faydalıdır. Burada siz həm tək, həm də dostlarınızla gəlib yaddaqalan vaxt keçirə bilərsiniz. Günümüzdə kitabxanalar öz yerini daha çox book cafelərə vermişdir. Sevindirici haldır ki, ölkəmizdə də book cafelərin sayı kifayət qədərdir. Gəlin onlardan bir neçəsinə baxaq.


@bakubookcenter

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlayan Bakı Kitab Mərkəzində azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur. Bakı Kitab Mərkəzinin əsas məqsədi - oxucularda xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitaba marağı oyatmaqdır. Bakı Kitab Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapıb. Eyni zamanda, 1-ci mərtəbədə Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları və notlar da satılır. Mərkəzin layihəsi üzərində çalışarkən, yaradıcılar kitabsevərlərin burada asudə vaxtlarını keçirmək üçün də imkan yaradıblar. Kitab satışı ilə yanaşı burada "Coffee mood" adlı kafe də fəaliyyət göstərir. Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrı, uşaqlar üçün isə ayrıca guşələr, dəftərxana malları şöbəsi, müxtəlif ədəbi və mədəni tədbirlər keçiriləcək təqdimat hissəsi və elmi fəaliyyətlə məşğul olanlar üçün nəzərdə tutulmuş tədris guşəsi fəaliyyət göstərir. Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər təşkil olunmuş tədbirlər keçirilir.


@misrabookcafe

Bu book cafenin divarlarında adından da göründüyü kimi məhşur şeirlərimizdən olan misralar yer alır. İki mərtəbəli olan bu book cafedə siz rahat, sakit, maraqlı, isti bir ortamda içkinizi içib, qidanızı qəbul edib, kitabınızı oxuyub, söhbət edib və ya işlərinizi görə bilərsiniz. Siz burada stolüstü oyunlar da oynaya bilərsiniz! Kənardan qida və içki gətirməməyiniz xahiş olunur. Ünvan Lev Tolstoy küçəsində yerləşir. 


@cafebookzone

"BookZone" Azərbaycanda kitabxanaçılığa, savadlanmaya , maariflənməyə yeni nəfəs gətirən Kitab evidir. Əsas məqsəd Azərbaycanda "kitabxanaçılığa" yeni nəfəs vermək, Azərbaycan ziyalıları ilə oxucular , dinləyicilər arasında görüşlər keçirmək, gənc yazarlara, şairlərə dəstək olmaqdır.

Əsas şüarlqrı isə belədir : Az ödə çox oxu! Kitabxanaya üzvlük haqqları belədir:

1 il - 40Azn (ödənişi 4dəfə etmək olar 4*10)

6 ay - 25 Azn (ödənişi 3 dəfə etmək olar 10+10+5)

3 ay - 16 Azn (ödənişi 2 dəfə etmək olar 10+6)


@book.mall

Sizlər üzv olaraq yüzlərlə seçilmiş klassik və müasir bestseller əsərləri girov qoymadan rahatlıqla evinizə aparıb oxuya bilərsiniz. Evə yalnız bir kitab verilir ( mak 14gün) səbəb isə sui-istifadə eliyənlərin qarşısını almaqdır. Üzvlər həmçinin üzvlük müddətində kitab alışlarında 20% endirimlərdən yararlanacaqsınız. Ən sərfəli qiymətlə Türkiyədən , Amerikadan kitab sifariş edə bilərsiniz. Burada keçirilən bütün tədbirlərdə pulsuz iştirak edə bilərsiniz. Eyni zamanda, siz burada ad günləri və tədbirlərinizi keçirə bilərsiniz.


@icharishahar

Burada 1800-dən çox kitab ixtiyarınızdadır. İstənilən kitabı kirayə götürə və ya qonağımız olarkən oxuya bilərsiniz. Kitabları həm satın ala, həm də kirayə götürə bilərsiniz. Həftənin müəyyən günləri burada film nümayişi də olur. Giriş ödənişsizdir.


@sahhafcibookcafe

Buranın ev üslubunda olması ayrıca doğmalıq qatır. Siz burada ayaqqabılarınızı çıxarıb içəriyə daxil olursunuz. Çox maraqlı aurası ilə hüzuru hiss edəcəksiniz. Buradə həm kitab mütaliə edə bilərsiniz, həm də dostlarınızla gəlib stolüstü oyunlar oynayıb əylənə bilərsiniz. Məkan Sahil metrosu yaxınlığında yerləşir.